Hüseyn Hüseynov: İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası artıq uzaq risklər deyil

Ekologiya
  • 22 may, 2026
  • 12:48
Hüseyn Hüseynov: İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası artıq uzaq risklər deyil

İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası artıq uzaq risklər deyil.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərsalmada İqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi" adlı sessiyada deyib.

Onun sözlərinə görə, onlar iqtisadi artıma, sosial rifaha, infrastruktura, məhsuldarlığa, ictimai sağlamlığa və uzunmüddətli inkişaf nailiyyətlərinə getdikcə daha çox təsir edən struktur reallıqlardır:

"Rəqəmlər bunu aydın şəkildə göstərir. Bu gün dünya əhalisinin 58,5%-i şəhərlərdə yaşayır və bu göstəricinin 2050-ci ilə qədər təxminən 70%-ə çatacağı proqnozlaşdırılır".

O vurğulayıb ki, şəhərlər qlobal istixana qazı emissiyalarının 70%-nə və enerji istehlakının 75%-nə cavabdehdir:

"1970–2021-ci illər arasında ekstremal hava və iqlim hadisələri nəticəsində iqtisadi itkilər 4,3 trilyon ABŞ dollarına çatmışdır və bu rəqəm artmaqda davam edir. Şəhərlər və infrastruktur üzərində təzyiq yalnız daha da güclənəcək.

Buna görə də dayanıqlı inkişaf üç əsas sütuna eyni dərəcədə diqqət yetirməlidir: iqtisadi dayanıqlılıq, sosial inklüzivlik və ekoloji davamlılıq. Bu ölçülər bir-birini gücləndirir və şəhərlər iqlim dayanıqlığının və davamlı transformasiyanın əsas aktorlarına çevrilir".