Fatma Varank: İqlim maliyyələşdirilməsinə qlobal ehtiyac ildə 7,5-9 trilyon dollar təşkil edir
- 07 sentyabr, 2026
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim maliyyələşdirilməsinə qlobal ehtiyac ildə 7,5-9 trilyon dollar təşkil etdiyi halda, mövcud maliyyə axınlarının həcmi təxminən 1,9 trilyon dollara çatır.
"Report" xəbər verir ki, bu barədə COP31-in baş direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin açılış mərasimində deyib.
O qeyd edib ki, COP31-in missiyası konkret iqlim hədəflərini real nəticələrə, layihələrə və investisiyalara çevirməkdir.
F.Varankın sözlərinə görə, iyun ayında özündə on əsas istiqaməti əhatə edən COP31 Fəaliyyət Proqramı elan edilib: "Onların arasında "təmiz enerji", su ehtiyatları, sənayenin dekarbonizasiyası, təhsil, ərzaq təhlükəsizliyi, okeanlar və dənizlər, dinamik və dayanıqlı səhiyyə sistemləri, bərpa olunan enerji, eləcə də iqlim öhdəliklərindən onların praktik icrası istiqamətində "körpü"nün yaradılması yer alır.
F.Varank vurğulayıb ki, bu gündəlik iqlim öhdəliklərinin praktik şəkildə icrasını sürətləndirməyə yönəlib.
COP31 sədrliyi tərəfindən elan edilən qlobal iqlim təşəbbüslərindən danışarkən, o, elektrikləşdirmə sahəsindəki hədəfi xüsusi olaraq qeyd edib: "35x35" təşəbbüsü çərçivəsində 2035-ci ilə qədər dünyada son enerji istehlakında elektrik enerjisinin payının 35 %-ə qədər artırılması planlaşdırılır. Digər bir hədəf 2035-ci ilə qədər tikinti sektorunun enerji tutumunu ən azı 12,5 % azaltmaqdır. Bundan əlavə, 2035-ci ilə qədər qida tullantılarının həcminin iki dəfə azaldılması vəzifəsi qarşıya qoyulub".
Onun sözlərinə görə, Türkiyə "Sıfır tullantı" hərəkatının təcrübəsinə əsaslanmaq niyyətindədir.
COP31 sədri qeyd edib ki, maliyyəyə çıxış iqlim hədəfləri ilə onların reallaşdırılması arasındakı əsas maneələrdən biri olaraq qalır: "Məhz bu boşluğu aradan qaldırmaq üçün biz "İqlim Fəaliyyəti Körpüsü"nü hazırlamışıq və həyata keçiririk".
Onun sözlərinə görə, bu mexanizm ayrı-ayrı ölkələrin iqlim prioritetlərini maliyyələşdirilməyə hazır layihələrə çevirmək və bununla da iqlim təşəbbüslərinin həyata keçirilməsi üçün zəruri investisiyaların cəlb edilməsinə kömək etmək məqsədi daşıyır.