ETSN: Yardımlıda meşə zolağında quru ot örtüyü və xırda kollar yanıb
- 05 iyul, 2018
- 09:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yardımlıda meşə zolağında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 5-də gecə saat 3 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və FHN-nin Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb ediliblər.
Yanğın 1 hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür, yanğın lokallaşdırılır.
ETSN əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır. Əks halda baş vermiş yanğın qarşısı alınmaz nəticələrə səbəb olar, meşə örtüyünə ciddi ziyan dəyər.