ETSN yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı elan verilib
- 17 noyabr, 2023
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasına dair elan verilib.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar vətəndaş cəmiyyəti institutları 1 nəfər şəxsin namizədliyinin irəli sürülməsi məqsədilə ərizəni (namizədin yaşayış ünvanı və elektron poçt ünvanı göstərilməklə) 13.12.2023-cü il tarixinədək aşağıda göstərilən sənədlərlə birlikdə pr@eco.gov.az ünvanına və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Bakı şəhəri, K.Kazımzadə küç., 100 A) poçt vasitəsilə təqdim edə bilərlər:
Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
namizədin tərcümeyi-halı;
namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olması barədə təsdiqedici sənədin surəti;
namizədin müvafiq sahədə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənədin (sənədlərin) surəti;
Vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər ərizəyə əlavə oluna bilər.
Bundan əlavə, namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq bütün vətəndaş cəmiyyəti institutları seçkinin keçirilməsi məqsədilə təşkil ediləcək ümumi yığıncaqda iştirak etməsi üçün təmsilçisinin məlumatlarını təqdim edə bilərlər.