ETSN: Xəzərin çirkləndirilməsinin qarşısının alınması daimi diqqət mərkəzindədir
- 27 iyul, 2018
- 08:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 iyul. REPORT.AZ/ "Xəzərin çirkləndirilməsinə qarşı mübarizə məsələsi daimi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqət mərkəzindədir".
"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması üçün nazirlik tərəfindən davamlı monitorinq və reydlər aparılır: "Xəzərin çirkləndirənlərə qarşı Daxili İşlər Nazirliyi ilə birlikdə keçirilən reydlər davam etdirilir və bu məsələ də daimi olaraq nazirliyin diqqət mərkəzindədir".
Mətbuat katibi qeyd edib ki, ekoloji problemlərin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən intensiv tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır və görülən işlər artıq geniş ictimai dəstəklə qarşılanır: "Belə ki, plastik tullantıların düzgün idarə edilməsi, çeşidlənməsi və tədricən plastik qablaşdırılmadan imtina olunması sahəsində digər tədbirlərlə bərabər, plastik tullantılar üçün konteynerlərin yerləşdirilməsi layihəsi də davam etdirilir. Yeri gəlmişkən, plastik tullantılar üçün nəzərdə tutulan belə konteyner bu gün Şabran şəhərində qoyulub".
İ.İbrahimovanın sözlərinə görə, yaşıllıqların qorunmasına yönələn tədbirlər daim diqqətimizdədir və gündəmdədir: "Sevindiricidir ki, artıq ağacların kəsilməsinə ictimaiyyət tərəfindən kəskin münasibət bildirilir, ağac kəsənlər ictimai qınaq obyektinə çevrilir".