Əhmədlidəki sürüşmə hadisəsindən sonra yamacda yeni çatlar aşkarlanıb
- 17 noyabr, 2025
- 13:33
Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı torpaq sürüşməsi hadisəsindən sonra yamacda aparılan vizual müşahidələr zamanı yeni çatlar aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru Stara Tarixazər bildirib.
Onun sözlərinə görə, dağın yamacında sürüşmənin yaranmasının əsas səbəbi təbii amillərdən başqa (yüksək meyilli yamaclar, gilli suya davamlı layların olması) su kəmərlərindən və kanalizasiya xətlərindən sızmalar, yamacın aşağıdan kəsilməsi və yamacın qaşında obyektlərin qurulmasıdır.
Xatırladaq ki, noyabrın 12-də Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində torpaq sürüşməsi olub. Ərazidə yeni əkilən ağaclara avtotexniki qulluq məqsədilə çəkilən çox sayda su xətlərindən birində baş verən sızma nəticəsində su bir hissəyə yayılıb. Bu səbəbdən, o ərazidə sürüşmə baş verib. Hadisədən sonra dərhal həmin xətt müəyyən edilərək təmir olunub. Baş verən sürüşmə zamanı xəsarət alan olmayıb.