Devid Hiqqins: COP31 geosiyasi gərginlik, enerji qeyri-sabitliyi fonunda keçiriləcək
- 09 sentyabr, 2026
- 12:40
Antalyada keçiriləcək COP31 konfransı iqlim həllərinin praktiki reallaşdırılması konfransına çevrilməli və maliyyə resurslarına çıxışın genişləndirilməsi üzrə konkret tədbirlərin görülməsini təmin etməlidir.
"Report" xəbər verir ki, bunu COP31 danışıqlar prosesinin Avstraliyadan olan sədri Devid Hiqqins Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində deyib.
Onun sözlərinə görə, qarşıdan gələn iqlim konfransı xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün maliyyə resurslarına çıxışın yaxşılaşdırılmasına şərait yaradır.
"COP31 praktiki icra konfransı olacaq", - Hiqqins vurğulayıb.
Onun sözlərinə görə, Avstraliya və Türkiyə il ərzində sıx əməkdaşlıq edib və etimad, əməkdaşlıq və dostluğa əsaslanan güclü və səmərəli tərəfdaşlıq formalaşdırıblar.
O vurğulayıb ki, COP31 geosiyasi gərginlik, enerji qeyri-sabitliyi və qlobal qeyri-müəyyənlik fonunda keçiriləcək.
"COP31 danışıqlar prosesinin sədri kimi biz şəffaflıq, inklüzivlik və əməkdaşlıq prinsiplərinə sadiq qalacağıq. Biz sizi (Azərbaycan və Braziliyanı – red.) dinləyəcək, təcrübənizi nəzərə alacaq və praktiki nəticələri təmin etmək üçün birlikdə həll yolları axtaracağıq", - o əlavə edib.