BCAW2025 çərçivəsində "Azərbaycanın dayanıqlı tikili mühit planı" mövzusunda dəyirmi masa keçirilib

Ekologiya
  • 01 oktyabr, 2025
  • 15:11
BCAW2025 çərçivəsində Azərbaycanın dayanıqlı tikili mühit planı mövzusunda dəyirmi masa keçirilib

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində "Azərbaycanın dayanıqlı tikili mühit planı" mövzusunda dəyirmi masa keçirilib.

"Report"un məlumatına görə, dəyirmi masada binalar və tikinti sektorunun ümumi istixana qazı emissiyalarının 21%-nə cavabdeh olduğu, həmçinin binalar 2030-cu ilə qədər enerji intensivliyinin yaxşılaşdırılma sürətini ikiqat artırmaq üçün lazım olan həllərin 40%-ni təmin etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanda təkcə bina sektoru 2022-ci ildə yanacaq yanmasından yaranan CO₂ emissiyalarının 16%-nə (16 milyon ton CO₂) cavabdeh olub.

Vurğulanıb ki, binalar insanları artan temperaturdan, güclənən fırtınalardan və qalxan sel sularından qoruyur.

Bildirilib ki, COP29-a hazırlıq ərəfəsində Azərbaycanın aparıcı tikinti şirkətləri BMT Qlobal Razılaşması ilə əməkdaşlıq çərçivəsində "Azərbaycan Dayanıqlı Tikinti Mühiti Yol Xəritəsi"ni hazırlamaqla, 1,5 °C hədəfi ilə emissiyaların məhdudlaşdırılmasına töhfə verəcəklərinə dair öhdəlik sənədini imzalayıblar.

COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai müzakirələr zamanı tikinti sektorunun iqlim dəyişikliyində öndə gələn sahələrdən biri olduğuna diqqət çəkib:

"COP29-da da təşəbbüslərə qoşulan tikinti şirkətləri idi. Bu proses COP28-də başlayıb və COP29-da davam etdirilib".

HLCCT şirkətinin tikinti mühiti üzrə baş məsləhətçisi Alidə Saleh məlumat verib ki, 2022-ci ildə Azərbaycanda binalar 16 milyon ton karbon dioksid emissiyası yaradıb ki, bu da yanacaq yandırılmasından yaranan milli emissiyaların 16 faizini təşkil edir:

"Qlobal miqyasda binalar 2030-cu ilə qədər enerji səmərəliliyini ikiqat artırmaq üçün lazım olan həllərin 40 faizini təmin edə bilər. Bu isə birbaşa biznes imkanlarına çevrilir. Məsələ tək emissiyalarda deyil. Biz binaları dəyişəndə həyatı dəyişirik – yeni iş yerləri yaradırıq, sağlamlığı yaxşılaşdırırıq, əməliyyat xərclərini azaldırıq və icmalarımızın dayanıqlığını gücləndiririk. Binalar həm də artan temperatur və iqlim təsirlərinə qarşı qalxan rolunu oynayır. Azərbaycana gəldikdə, bu xüsusilə önəmlidir. Proqnozlara görə Azərbaycanda temperatur qlobal orta göstəricidən daha sürətlə artacaq, ekstremal istilik və daşqın riskləri yüksələcək. Odur ki, bugünkü çağırışımız və imkanımız – bu keçidi Azərbaycanda uğurla reallaşdırmaqdır".

O əlavə edib ki, COP29-da təqdim olunan "yol xəritəsi" isə bu öhdəliklərin həyata keçirilməsi üçün əməli plan rolunu oynayır.

Digər tikinti şirkətinin rəhbəri Henning Sasse bildirib ki, alternativ yanacaqların istifadəsi lazımi səviyyədə inkişaf etməlidir:

"Tikinti şirkətləri ilə daha sement-effektiv, daha beton-effektiv konstruksiyaların yaradılması üzərində işlənilməlidir"

BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov qeyd edib ki, tikinti sektorunda "Net Zero Accelerator" proqramının işə salınmasını, işçi qüvvəsinin bacarıqlarının artırılmasını detallı təhlil etməlidir: "Burada həm imkanlara, həm də mövcud çətinliklərə baxmaq lazımdır".

Dəyirmi masada məlumat verilib ki, "Azərbaycan Dayanıqlı Tikinti Mühiti Yol Xəritəsi"nin BMT Qlobal Razılaşması – Azərbaycan ofisinə, Böyük Britaniya Ticarət Palatası ilə tərəfdaşlıq çərçivəsində təhvil verilməsi təmin ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti