Azərbaycanın sədrliyi ilə UNEP Daimi Nümayəndələr Komitəsinin 13-cü illik altkomitə iclası başlayıb

Ekologiya
  • 08 sentyabr, 2026
  • 11:33
Azərbaycanın sədrliyi ilə UNEP Daimi Nümayəndələr Komitəsinin 13-cü illik altkomitə iclası başlayıb

Nayrobidə sentyabrın 7-də Azərbaycanın sədrliyi ilə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin 13-cü illik altkomitə iclası öz işinə başlayıb.

Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsindəki daimi nümayəndəliyindən "Report"a bildirilib ki, ildə bir dəfə keçirilən bu iclas BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) sessiyalararası əsas yığıncağıdır.

150-dən çox üzv ölkənin və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakçı ilə 5 gün davam edəcək iclasda UNEP-in ümumi fəaliyyət gündəliyi, 2026-2029-cü illər üzrə strateji planın icrası, habelə ətraf mühitin qorunması və iqlim dəyişmələri üzrə çoxtərəfli fəaliyyətin nəticələri və gələcək planlar gündəliyə çıxarılıb.

Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev ötən ilin iyunundan UNEP-in Daimi Nümayəndələr Komitəsinin Bürosunun 2025-2027-ci illər üzrə sədridir. Azərbaycan bu sədrlik çərçivəsində UNEA-nın hazırkı prezidenti, Yamaykanın su, ətraf mühit və iqlim dəyişmələri naziri Metyu Samuda ilə birgə əlaqədar proseslərə öz töhfəsini verir.

İclasda hazırda Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi və COP29-un Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində qlobal iqlim gündəliyində ölkəmizin rolu vurğulanıb.

Həmçinin, cari ilin may ayında Azərbaycanın ev sahibliyi keçirilən UNEP-in Ümumdünya Ətraf Mühit Günü və iyul ayında baş tutan UNFCCC-nin danışıq qruplarının sədrlərinin 3-cü Şamaxı Toplantısının töhfələri qeyd olunub. Tədbirin ilk günü Azərbaycan və Yamayka 13-cü illik altkomitə iclasının iştirakçılarına birgə rəsmi qəbul təşkil edib.

44 filmi