Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb
- 03 oktyabr, 2025
- 16:40

"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində yeni yaradılmış Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb.
"Report" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF-in dəstəyi ilə 2010-cu ildən başlanılmış bu layihə çərçivəsində bugünədək Şirvan Milli Parkından 407 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub.
Xidmət rəsmisi onu da qeyd edib ki, 2024-cü ildə həyata keçirilən məməli heyvanların payız sayğısı zamanı Acınohur çölündə 500 başdan çox ceyran qeydə alınıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 14-də "Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında" sərəncam imzalayıb. Sərəncamla Qax, Samur və Yevlax rayonlarının ərazisində 23901,99 ha sahədə Axar-Baxar Milli Parkı, Qax və Zaqatala rayonlarının ərazisində 13966 ha sahədə isə İlisu Milli Parkı yaradılıb.