ETSN-in Aparat rəhbəri: "307 restoran və iaşə obyektinə müasir qurğular quraşdırılıb"

Ekologiya
  • 27 dekabr, 2018
  • 12:03
ETSN-in Aparat rəhbəri: 307 restoran və iaşə obyektinə müasir qurğular quraşdırılıb

Bakı. 27 dekabr. REPORT.AZ/ "Bütün daş karxanaları və iaşə obyektləri müasir qurğular quraşdırmayana, işlərini səliqə-səhman salmayana qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi yoxlamaları davam etdirəcək".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı Nazirliyin Aparat rəhbəri Vüqar Kərimov deyib.

O bildirib ki, daş karxanalarının gördükləri işlər hazırda az olsa da, növbəti dövrdə bu işlərin sayının artacağına inanırlar: "Onu da qeyd edək ki, bu il görülən işlərin nəticəsində 307 restoran və iaşə obyekti müasir qurğular quraşdırıb. Müasir qurğular quraşdırmayan iaşə obyektlərindən 43-ü məhkəməyə verilib. Üç restoranın isə fəaliyyəti dayandırılıb".