Yazıçı Nihat Pir: Ədəbiyyat cəmiyyəti dəyişən ən böyük alətdir
- 24 iyul, 2026
- 17:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Yazıçı-publisist, jurnalist Nihat Pir ədəbiyyatın cəmiyyəti dəyişdirmək gücünə malik olduğunu bildirib.
"Report" xəbər verir ki, Report Media Məktəbinin tələbələri ilə görüşə gələn yazıçı ədəbiyyatın insana təsir imkanlarından danışıb.
"Ədəbiyyat cəmiyyəti dəyişə bilən ən böyük alətdir, çünki insanda sağlam düşüncə formalaşdırır. Toplumun gələcək inkişafı üçün də ədəbiyyat çox vacibdir. Özümə gəldikdə isə, kimisə dəyişdirmək üçün yazmıram. Belə bir öhdəliyim də yoxdur. Sadəcə yazmaq istəyirəm və yazıram, bu qədər. – N.Pir vurğulayıb.
Bu yaxınlarda "Miraj" adlı kitabı işıq üzü görən yazıçı 2017-ci ildən yaradıcılıqla məşğul olduğunu söyləyib:
"Kitabda yer alan yeddi hekayədə kənd və şəhər motivləri, Qarabağa qayıdış, insanın psixi ovqatı və digər mövzular əksini tapıb. Bəzi hekayələrin sonluğunu açıq saxlamışam. Məqsəd oxucunu hadisələrin finalı barədə düşünməyə sövq etməkdir".
N.Pir sosial şəbəkələrin yaradıcılığına təsirindən də danışıb.
"Feysbukda mütəmadi postların paylaşılması yazı qabiliyyətinin inkişafına müəyyən dərəcədə müsbət təsir edir. Burada yazmaq daha rahatdır. Fikirlərimi ifadə etmək, bir neçə mövzu barədə eyni anda yazmaq baxımından bu platforma mənə çox kömək edib. Həmin üslubu ədəbiyyata gətirməyi isə hələ sınamamışam", - yazıçı qeyd edib.
Nihat Pir (Piriyev) 1995-ci ildə Ucar rayonunun Lək kəndində anadan olub.
Lənkəran Dövlət Universitetində bakalavr, Bakı Slavyan Universitetində isə magistratura pillələrini bitirib.
2018-ci ildən müxtəlif media orqanlarında çalışıb. "525-ci qəzet", "Ədalət", "Ədəbiyyat qəzeti", "Ulduz" jurnalı, Kulis.az kimi mətbuat orqanlarında publisistik və ədəbi yazılarla çıxış edib. 2024-cü ildən "Report" İnformasiya Agentliyində mədəniyyət müxbiri vəzifəsində çalışır.
2026-cı ildə "Miraj" hekayələr kitabı işıq üzü görüb.