Tbilisidə azərbaycanlılar üçün iftar mərasimi təşkil edilib

Din
  • 18 mart, 2026
  • 12:31
Tbilisidə azərbaycanlılar üçün iftar mərasimi təşkil edilib

Gürcüstanda Ramazan ayı münasibətilə "Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr" mövzusunda tədbir keçirilib və azərbaycanlılar üçün iftar mərasimi təşkil edilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbir Tbilisi şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Bildirilib ki, tədbirdə azərbaycanlılar, din xadimləri, Gürcüstan parlamentinin azərbaycanlı deputatları ilə yanaşı, ictimai birliklərin nümayəndələri, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev tədbirin əhəmiyyətinə toxunaraq bildirib ki, Gürcüstan azərbaycanlıları yaşadıqları dövlətə inteqrasiya etməklə bərabər, dini və milli kimliklərini də qoruyub saxlayıblar. Səfir həyata keçirilən layihələrə verilən dəstəyə, göstərilən diqqətə görə Gürcüstan hökumətinə təşəkkür edib. F.Quliyev xatırladıb ki, keçirilən tədbirlərdə icmanın bütün fəal nümayəndələri dəvət olunur. O, həmçinin Ramazan ayının ehtiva etdiyi nəcib dəyərlərdən danışıb, bu ay ərzində insanların ədalət, saf niyyətlər ətrafında birləşməsinin zəruriliyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bu il Ramazan və Novruz bayramlarının eyni günə təsadüf etdiyini xatırladıb. O, qeyd edib ki, Ramazan ayı mənəvi kamilləşmə və saflığı özündə ehtiva edir. Novruz isə Azərbaycan xalqının tarixən qeyd etdiyi və insanlara bir çox ülvi dəyəri təlqin edən milli bayramdır. Hər iki bayram münasibətilə Gürcüstanda yaşayan soydaşlarımız üçün belə bir tədbirin keçirilməsinin əhəmiyyətinə diqqət çəkən A.Şirinov iştirakçılara öz təşəkkürünü bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov bildirib ki, tədbir xalqımızın qədim və əziz bayramlarından olan İlaxır çərşənbə gününə təsadüf edir. Həm Ramazan ayı, həm də İlaxır çərşənbə insanları bir araya gətirən, birlik və həmrəyliyi gücləndirən mənəvi dəyərləri ifadə edir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız kimi, Gürcüstan azərbaycanlıları da tarixən öz milli-mənəvi dəyərlərini qoruyub saxlayıblar.

Gürcüstan Parlamentinin deputatları Savalan Mirzəyev və Zaur Darğalı çıxışlarında soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində təşkil olunan tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Eyni zamanda bildirilib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər qarşılıqlı etimada əsaslanan mehriban qonşuluq və dostluq əlaqələrinin ən yaxşı nümunələrindən biridir.

Tədbirdə çıxış edən din xadimləri Ramazan ayının fəzilətindən bəhs edərək birlik və həmrəylik mesajları səsləndiriblər.

Tədbir zamanı Azərbaycan İlahiyyat İnstitutunun 2024-2025-ci tədris ili "İslamşünaslıq" ixtisası məzunları İqbal Əiyev və Kamil Məmmədova diplomları təqdim edilib.

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq ixtisası, 2-ci kurs tələbəsi Fəyaz Nəsirzadə tərəfindən Qurani-Kərimdən ayələr tilavət olunub. Quba "Səkinə xanım" məscidinin imamı Həmdullah Dənyarlı iftar duası oxuduqdan sonra tədbir iştirakçıları birlikdə oruclarını açıblar.