Şöbə müdiri: İşğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid olub
- 29 oktyabr, 2025
- 17:01
İşğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid fəaliyyət göstərib.
"Report"un Cəbrayıla ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verib.
O, Prezident İlham Əliyevin oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməlini qoyduğunu vurğulayıb:
"Məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq və burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında kişilərlə qadınların eyni anda ibadət etmələri mümkün olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq".
O qeyd edib ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub:
"İşğal dövründə digər ərazilərimiz kimi, bu rayondakı tarixi-dini abidələrimiz də ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu çərçivədə 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən məscidi qeyd etmək olar".