Sabunçuda "Bir bayraq altında həmrəylik və vətənpərvərlik" mövzusunda konfrans keçirilib

Din
  • 18 noyabr, 2025
  • 16:30
Sabunçuda Bir bayraq altında həmrəylik və vətənpərvərlik mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 18-də Sabunçu rayonunda "Bir bayraq altında həmrəylik və vətənpərvərlik" mövzusunda konfrans keçirilib.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov bildirib ki, müstəqil Azərbaycanın gələcəyi, hər bir vətəndaşın öz borcunu yerinə yetirməsindən asılıdır.

Ə.Teymurov xüsusilə gənclərin vətənpərvər yetişməsinin vacibliyini qeyd edib və bu istiqamətdə dövlətin gördüyü işləri barədə danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin müdir müavini Ruslan Əsgərov deyib ki, hər bir ölkənin bayrağı millətinin milli identikliyini, tarixi yaddaşını və gələcəyə baxışını simvolizə edir:

"Bayrağımıza baxanda biz öz tariximizi, mübarizəmizi və taleyimizi görürük. Milli həmrəyliyin formalaşmasında rol oynayan əsas amillərə toxunan natiq vurğulayıb ki, milli həmrəylik toplumun ideya və vahid məqsəddə birləşməsi, milli iradənin formalaşmasının nəticəsidir. Tarix boyu Azərbaycan xalqı ən çətin zamanlarda məhz bu həmrəylik sayəsində varlığını qoruyub. Çünki birlik yalnız emosional çağırış deyil, həm də geosiyasi zərurətdir. Ərazisi strateji bölgədə yerləşən bir millətin gücü təkcə onun resursları ilə deyil, həm də daxili həmrəyliyi ilə ölçülür".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov din və vətənpərvərlik arasında güclü bir əlaqənin mövcud olduğunu, xalqın milli-mənəvi dəyərlərə bağlılığını, ölkənin inkişafında və sabitliyində mühüm rol oynadığını vurğulayıb. A.Kazımov, həmçinin tarix boyunca birliyin və həmrəyliyin ölkənin əsas dayaqlarından biri olduğunu, bu gün də bu ənənənin davam etdirilməsinin vacibliyini bildirib.

Tədbirdə, həmçinin vurğulanıb ki, ölkədə dövlət-din münasibətlərinin sağlam şəkildə tənzimlənməsi, milli-mənəvi dəyərlərin qorunması və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində görülən işlər Azərbaycanın davamlı inkişafına xidmət edir.

Son xəbərlər

Bütün Xəbər Lenti