Ramin Məmmədov: İnformasiya bolluğu düzgün dünyagörüşün formalaşmasına zəmanət vermir

Din
  • 09 oktyabr, 2026
  • 11:05
Ramin Məmmədov: İnformasiya bolluğu düzgün dünyagörüşün formalaşmasına zəmanət vermir

İnformasiya bolluğu avtomatik olaraq düzgün dünyagörüşü yaratmır. Əksinə, eyni informasiya məkanında müxtəlif ideoloji, dini, mədəni və sosial təsirlərin mövcudluğu seçim imkanlarını artırdığı kimi, yanlış istiqamətlənmə risklərini də artırır.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda deyib.

O qeyd edib ki, buna görə müasir dövrdə yalnız informasiya təhlükəsizliyindən deyil, həm də düşüncə təhlükəsizliyindən danışmalıyıq:

"İnsanın düşüncə və dünyagörüşünün təşəkkülündə aldığı biliklərlə yanaşı, hansı dəyərlər sistemi əsasında qərar verdiyi də mühüm rol oynayır. Din bu dəyər sisteminin mühüm komponentlərindən biridir. Ona görə gənclərin dini biliklərinin düzgün, sağlam və etibarlı mənbələr əsasında formalaşdırılması xüsusi əhəmiyyət daşıyır".

Ramin Məmmədov söyləyib ki, düşüncə təhlükəsizliyi ilk növbədə insanın doğru ilə yanlışı, sağlam dini yanaşma ilə xurafatı, mənəvi dəyərlə radikal ideyanı bir-birindən ayıra bilməsi ilə bağlıdır:

"Azərbaycanın dövlət-din münasibətləri modelinin mühüm xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, dövlət bütün dini etiqadlara hörmətlə yanaşır, dini etiqad azadlığını təmin edir və eyni zamanda cəmiyyətin dünyəvi xarakterini qoruyur".

44 - Tezliklə