Rafiq Danakari: Azərbaycandakı bütün məbədlər bu xalqın dini-mədəni irsidir

Din
  • 06 oktyabr, 2026
  • 13:50
Rafiq Danakari: Azərbaycandakı bütün məbədlər bu xalqın dini-mədəni irsidir

Azərbaycandakı bütün məscid, kilsə və məbədlər bu xalqın dini-mədəni irsidir.

"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu Alban-Udi Xristian Dini İcması nümayəndələrinin rayonda yerləşən Ağoğlan monastırını ziyarəti çərçivəsində jurnalistlərə açıqlamasında icma sədrinin müavini Rafiq Danakari deyib.

O, Laçın işğaldan azad olunduqdan sonra Ağoğlan monastırına ikinci dəfə səfər etdiklərini vurğulayıb:

"Buraya ilk dəfə 2021-ci ilin fevral ayında gəlmişdik. Ümumiyyətlə, uzun fasilədən sonra biz nəhayət, Qarabağda yerləşən Alban dini məkanlarında ayinlərimizi icra etməyə başlamışıq. Bu gəlişimizdə də monastırda dini ayinlərimizi icra etdik, şamlar yandırdıq, dualarımızda ilk olaraq şəhidlərimizi andıq, onlara Allahdan rəhmət dilədik. Dualarımızda müqəddəs Azərbaycan torpaqlarında bir daha münaqişə olmamasını Allahdan dilədik. Hamı bilsin ki, Azərbaycan xalqı qonaqpərvər, tolerant, multikultural dəyərlərə sahib sülhsevər xalqdır. Bizim heç kimin torpağında gözümüz yoxdur, başqaları da bizim torpaqlara göz dikməsin. Azərbaycandakı məscid, kilsə və məbədlər bu xalqın dini-mədəni irsidir".