Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
- 13 may, 2015
- 09:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib. Komitənin mətbuat xidmətindən "Report"a məlumat verilib.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir: "Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib".
Mübariz Qurbanlı deyib ki, ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir.
Minnətdarlıq bildirən səfir iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün səylə çalışdığını deyib. O, qeyd edib ki, səfir kimi namizədliyi irəli sürülərkən ABŞ Senatındakı çıxışında Azərbaycanın yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulayıb.