Kubanıçbek Ömüralıyev: Seyid Yəhya Bakuvinin irsi türk və islam dünyasının ortaq mənəvi sərvətidir
- 14 sentyabr, 2026
- 15:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Seyid Yəhya Bakuvinin irsi türk və islam dünyasının ortaq mənəvi və intellektual irsinin mühüm hissəsidir.
"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş birinci beynəlxalq elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, Bakuvinin irsi biliyə, mənəviyyata, mötədilliyə, müdrikliyə və insan ləyaqətinə hörmətə əsaslanan İslam ənənəsini təmsil edir:
"TDT isə türk xalqlarının birliyini, həmrəyliyini və əməkdaşlığını gücləndirmək məqsədilə yaradılıb. Bu gün əməkdaşlığımız siyasi, iqtisadi, mədəni, təhsil, elmi, texnoloji və humanitar sahələr də daxil olmaqla 63-dən çox istiqamət və mexanizmi əhatə edir".
Kubanıçbek Ömüralıyev bildirib ki, müasir dövrün əsas çağırışları sırasında qütbləşmə, dözümsüzlük, ekstremizm və islamofobiya var:
"Sosial təzyiq, ailə həyatının qarşılaşdığı problemlər və texnoloji transformasiyanın yaratdığı etik məsələlərin də diqqətdə saxlanılması vacibdir. Bizim məsuliyyətimiz irsimizi inkişaf etdirmək və onu gələcəyə uyğun, aktual bir dəyərə çevirməkdir".
Baş katib əlavə edib ki, TDT dini qurumlar, alimlər, universitetlər və mədəniyyət təşkilatları arasında əməkdaşlığı gücləndirən təşəbbüsləri bundan sonra da dəstəkləyəcək.