Gündüz İsmayılov: Din xadimlərinin biliklərinin genişləndirilməsinə ehtiyac var
- 15 dekabr, 2025
- 10:27
Din xadimlərinin dini bilikləri qənaətbəxş deyil. Onların biliklərinin genişləndirilməsinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov komitənin Elm və Təhsil Nazirliyi ilə birgə keçirdiyi "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusundakı konfransda deyib.
O qeyd edib ki, dini radikalizmlə, xurafatla, məzhəbçiliklə mübarizədə məktəblər mühüm rol oynayır:
"Azərbaycanda təhsil dünyəvi xarakter daşıdığından Konstitusiyadan irəli gələn məsələlər nəzərə alınır. Amma din təkcə şəriətdən ibarət deyil. Dini tərbiyə təhsil müəssisələrində verilə bilməz. Bu, ailənin üzərinə düşən məsələdir. Dini təhsilin də istiqaməti başqadır. Bütün bunlara baxmayaraq, dinlə bağlı biliklərin verilməsi vacibdir. Müəllim müəyyən məqamlarda dinlə bağlı danışmaq məcburiyyətində qala bilər. Lakin müəllimin bu məsələdə dedikləri ilə din xadiminin dedikləri arasında fərq olmalıdır.
Təhsil müəssisələrində bu cür biliklərin düzgün çatdırılması xurafata, məzhəbçiliyə və radikalizmə qarşı mübarizədə mühüm rol oynaya bilər".