Göyçayda milli-mənəvi kimlik və müasir çağırışlara həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
- 03 dekabr, 2025
- 15:50
Göyçay şəhərində "Milli-mənəvi kimlik və müasir çağırışlar" mövzusunda regional konfrans keçirilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Konfransın "Ənənəvi dini mühitə təhdidlər və mübarizə yolları" mövzusuna həsr olunan birinci panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov moderatorluq edib.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov çıxışında ifratçılığın ənənəvi dini mühit üçün təhdid yaratdığını deyib. Qeyd edib ki, dini biliklərin təhrif edilməsi, sosial parçalanma, milli-mədəni irsə qarşı təbliğat və xüsusilə gənclərin radikallaşması bu təhdidlər arasında xüsusi yer tutur. Belə hallarla mübarizə yalnız hüquqi deyil, həm də sosial, mədəni, təhsil və psixoloji aspektlərdən yanaşma tələb edir.
Daha sonra çıxış edən Aİİ-nin dosenti Elvüsal Məmmədov radikal qrupların səciyyəvi cəhətlərinə toxunub, dini radikalizmin yayılma mexanizmlərindən söz açıb. Eyni zamanda, maarifləndirmə işinin düzgün qurulması, mötədillik ideyalarının təbliği, din xadimləri üçün seminar-treninqlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov qloballaşmanın ənənəvi dini dəyərlərin qarşısına yeni çağırışlar qoymasından bəhs edib. Vurğulayıb ki, regionda geosiyasi güclərin rəqabəti, dini radikalizm və ekstremizmin artması, xaricdən yönləndirilən ideoloji təsirlər, sosial şəbəkələrdə dini məzmunlu dezinformasiyalar cəmiyyətin dini təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu təhdidlərin mahiyyətinin araşdırılması, onların sosial-psixoloji və ideoloji əsaslarının öyrənilməsi, habelə qarşısının alınması yollarının müəyyənləşdirilməsi mühüm məsələlərdəndir.
Konfransın ikinci paneli Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə "Milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətə çatdırılmasında din xadimlərinin rolu" mövzusuna həsr edilib.
Paneldə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, bu gün dünyada insan şüuruna təsir uğrunda mübarizə gedir və sosial şəbəkələrin imkanlarından bu istiqamətdə daha çox istifadə olunur. Bu baxımdan, hazırkı dövrdə savadlı və müasir düşüncəli din xadimlərinin maarifləndirici rolu xüsusi əhəmiyyət kəsb edir. Din xadimi intellektual səviyyəsi, nümunəvi davranışı, sosial fəallığı ilə cəmiyyətə dəstək olmalıdır. Azərbaycanın dövlət-din münasibətləri modeli cəmiyyətdə harmoniya yaradaraq dəyərlərin qorunmasına möhkəm zəmin formalaşdırır.
Aİİ-nin dosenti Aslan Həbibov bildirib ki, cəmiyyətin sağlam, davamlı və sabit inkişafının əsas şərtlərindən biri vəhdətin, birlik, həmrəylik və qarşılıqlı anlayışın olmasıdır. İnsanların bir-birinə hörmətlə yanaşması, fərqli düşüncə və mənsubiyyətlərə dözümlü olması, sosial münasibətlərin ahəngdar şəkildə davam etməsi vəhdətin göstəriciləridir. Bu prosesdə təkcə hüquqi mexanizmlər deyil, həm də mənəvi və ideoloji amillər mühüm rol oynayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ağdaş bölgəsi üzrə qazısı Əli Məmmədov qeyd edib ki, din xadimi cəmiyyətdə birlik yaradan şəxs olmalıdır. Millətin gücü də məhz birlikdə, həmrəylikdə və mənəvi bütövlükdədir. O bildirib ki, yerli folklor və adət-ənənələr milli kimliyi yaşadan dəyərlərdir.
Tədbirin yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, informasiya mühitində məlumatların sürətlə təhrif olunduğu dövr yaşanır. Məkrli manipulyasiyalar nəticəsində dinin fəlsəfəsi yanlış başa düşülür, ehkamları təhrif olunur. Bu da, öz növbəsində, əvvəlcə fərdlərin, daha sonra isə bütövlükdə cəmiyyətin mənfi təsirlərə məruz qalmasına səbəb olur.
R.Məmmədov vurğulayıb ki, ideoloji təhdidlərin qarşısını almağın ən effektiv yolu insanları maarifləndirməkdir. O, cəmiyyəti və dini etiqad azadlığını yalnız bu yolla qorumağın mümkünlüyünü qeyd edib, bu işdə din xadimlərinin üzərinə xüsusi məsuliyyət düşdüyünü diqqətə çatdırıb. O bildirib ki, cəmiyyətdə formalaşmış sarsılmaz birlik ruhunu qorumaq hər kəsin peşə borcu, vəzifəsi olmaqla yanaşı, həm də vətəndaşlıq məsuliyyətidir.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göyçay şəhərində "Milli-mənəvi kimlik və müasir çağırışlar" mövzusunda regional konfrans öz işinə başlayıb.
"Report"un Göyçaya ezam olunan əməkdaşı xəbər veri ki, regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Konfransda Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Göyçay Rayon İcra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma təmsilçiləri iştirak edirlər.
Tədbirdə konfransın mövzusu ilə bağlı çıxışlar olacaq və qoyulan problem ətrafında geniş müzakirələr aparılacaq.