Biləsuvarda dinin siyasiləşdirilməsinin yaratdığı risklərə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
- 23 sentyabr, 2026
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti" mövzusunda regional konfrans keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Dövlət Komitəsinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov konfransdakı çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli-mənəvi dəyərlərin qorunmasına, dini irsin yaşadılmasına və dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində inkişafına xüsusi diqqət göstərilir. Mövcud tolerantlıq, multikulturalizm mühiti müxtəlif dini konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşamasına imkan yaradır. F.Qürbətov belə tədbirlərin gənclərin dünyagörüşünün genişləndirilməsi, onların cəmiyyətə faydalı və məsuliyyətli vətəndaş kimi formalaşması baxımından əhəmiyyəti barədə danışıb. O, konfransın bu istiqamətdə faydalı müzakirələr üçün yaxşı imkan yaratdığını qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Bu siyasətin əsas nəticələrindən biri ölkəmizdə vicdan və dini etiqad azadlığının təmin olunması, konfessiyaların fəaliyyətinə şərait yaradılması, dini-mədəni irsin qorunması və ibadət yerlərinin bərpasına diqqət göstərilməsidir. Komitə sədri qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət modeli dini etiqad azadlığının və hüquq bərabərliyinin təmin olunmasına, ictimai sabitliyin qorunmasına xidmət edir. Eyni zamanda, dinin siyasi və ideoloji məqsədlər üçün istifadəsinin qarşısının alınması mühüm əhəmiyyət daşıyır.
R.Məmmədov müasir dövrdə dini sahədə mövcud olan əsas risklərə də diqqət çəkib. O bildirib ki, bu risklər sırasında dinin siyasi və ideoloji məqsədlər üçün istifadəsi, dini məlumatların təhrif olunaraq yayılması, xurafat və dini savadsızlığın genişlənməsi, eləcə də inanc və məzhəbi fərqliliklərin qarşıdurma vasitəsinə çevrilməsi xüsusi yer tutur. Bu çağırışların qarşısının alınmasında düzgün maarifləndirmənin aparılması, etibarlı məlumatların yayılması, tolerantlıq və qarşılıqlı hörmət mühitinin təşviqi zəruridir.
Komitə sədri bildirib ki, cəmiyyətdə həmrəyliyin qorunması və dini müxtəlifliyin qarşıdurma mənbəyinə çevrilməməsi üçün din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. O, dini maarifləndirmənin gücləndirilməsinin, xurafat və dini savadsızlığın qarşısının alınmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu bu istiqamətdə bir çox layihələr həyata keçirir. Regional konfranslar isə dini sahədə qarşıda duran məsələlərin müzakirəsi, təcrübə mübadiləsi və praktiki təkliflərin formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxışında qeyd edib ki, din insanın mənəvi dünyası ilə sıx bağlı olan, cəmiyyət üçün həssas və mühüm sahələrdən biridir. Bu istiqamətdə həyata keçirilən düzgün siyasət cəmiyyətin mənəvi bütövlüyünün və dövlətin dayanıqlılığının möhkəmlənməsinə xidmət edir. B.Məhərrəmov Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra dini etiqad azadlığının təmin olunması və müxtəlif dini konfessiyalar arasında tolerant birgəyaşayışın möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atıldığını deyib. O, Azərbaycanın dövlət-din münasibətləri, dini etiqad azadlığı və tolerantlıq sahəsində təcrübəsinin dünyada nümunə kimi təqdim edildiyini vurğulayıb.
Tədbir işini "Dinin siyasiləşdirilməsinin ictimai və mənəvi fəsadları", eləcə də "İdeoloji təhdidlərə qarşı mübarizədə din xadimlərinin rolu" mövzuları üzrə panel müzakirələrlə davam etdirib.
Biləsuvar şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti" mövzusunda regional konfrans başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə Dövlət Komitəsinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.
Konfransın məqsədi müasir dövrdə dinin siyasiləşdirilməsinin ictimai-mənəvi nəticələrinin müzakirə edilməsi, dini dəyərlərdən siyasi məqsədlərlə istifadə hallarının doğurduğu risklərə diqqət yetirilməsinin təşviq olunmasıdır. Eyni zamanda, konfransda ideoloji təhdidlərə qarşı preventiv yanaşmalar nəzərdən keçiriləcək, din xadimlərinin bu istiqamətdə məsuliyyətinə dair fikir mübadiləsi aparılacaq.
Tədbir çərçivəsində "Dinin siyasiləşdirilməsinin ictimai və mənəvi fəsadları" və "İdeoloji təhdidlərə qarşı mübarizədə din xadimlərinin rolu" mövzuları üzrə panel müzakirələrin təşkili, eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur.