Beyləqanda "Zəfər günü milli-dini həmrəyliyin təntənəsi" mövzusunda tədbir keçirilib
- 28 oktyabr, 2025
- 18:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə Beyləqan rayonunda "Zəfər günü milli-dini həmrəyliyin təntənəsi" mövzusunda tədbir keçirilib.
"Report" xəbər verir ki, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova çıxış edərək, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin təkcə hərbi qələbə deyil, həm də milli birliyimizin, dini həmrəyliyimizin və dövlət-xalq birliyinin parlaq təcəssümü olduğunu bildirib. Qeyd edib ki, bu Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının sarsılmaz iradəsi və ordumuzun qəhrəmanlığı nəticəsində mümkün olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ramil Hikmət Vətən müharibəsində müxtəlif dini etiqadlara mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşərək torpaqlarımızın azadlığı uğrunda fədakarlıq nümayiş etdirdiyindən bəhs edib. Vurğulayıb ki, bu, Azərbaycanın çoxkonfessiyalı, tolerant və vəhdətə əsaslanan cəmiyyət modelinin canlı sübutudur.
Çıxışlarda dövlət-din münasibətlərinin inkişafı, dini dəyərlərimizin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən, eləcə də bu sahədə Dövlət Komitəsinin gördüyü işlərdən bəhs olunub.