Xalq artisti Hacı Murad Yegizarovun nəşi sabah Azərbaycana gətiriləcək
- 15 sentyabr, 2025
- 19:06

Xalq artisti Hacı Murad Yegizarovun nəşi sabah Azərbaycana gətiriləcək.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xalq artistinin nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah – 16 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.
Onun cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.
Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Hacı Murad Yegizarov sentyabrın 13-də uzun sürən xəstəlikdən sonra bu gün Almaniyada vəfat edib.
Xatırladaq ki, Hacı Murad Hacı Əhməd oğlu Yegizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub.
O, "Arşın mal alan", "Ulduz", "Uzaq sahillərdə", "Ögey ana", "Bir cənub şəhərində" və s. filmlərdə unudulmaz obrazlar yaradıb. Uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoyub, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə verib. Onun zəngin yaradıcılığı, yüksək peşəkarlığı və sənətə bağlılığı aktyor nəsilləri üçün nümunə olaraq daim xatırlanacaq.