İƏT-in Əmək Mərkəzinin iclası keçirilib
- 23 sentyabr, 2025
- 11:27

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə sentyabrın 23-də Bakıda Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası keçirilib.
"Report" xəbər verir ki, toplantı Əmək Mərkəzinin Baş Assembleyasının ikinci sessiyasına hazırlıq və qurumun fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyıb.
İƏT-in Əmək Mərkəzi İcraiyyə Şurasının sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın dünyada islam həmrəyliyinin möhkəmləndirilməsini dəstəklədiyni və Azərbaycanla İƏT arasındakı əlaqələrin səmərəli əməkdaşlıq və dialoq əsasında qurulduğunu söyləyib:
"Ölkəmiz İƏT-in fəal üzvü kimi təşkilatın əsas prinsiplərinə daim sadiq qalıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış İƏT-in Əmək Mərkəzi də üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır. İclas Əmək Mərkəzinin fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətlidir".
İƏT-in Əmək Mərkəzi İcraiyyə Şurasının sədr müavini, Səudiyyə Ərəbistanının İnsan resursları və sosial inkişaf nazirinin müavini Abdullah Nasser Abuthnain iclasın üzv ölkələr arasında əlaqələrin genişlənməsinə, fəal təcrübə mübadilələrinə imkan yaratdığını diqqətə çatdırıb.
Mərkəzin Baş direktoru Azər Bayramov İƏT-in ən gənc institutu olan qurumun üzv ölkələrin əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluq imkanlarının artırılması sahələrində əməkdaşlığın genişləndirilməsində rolundan bəhs edib.
İclasda İƏT-in Əmək Mərkəzinin fəaliyyət və maliyyə hesabatları dinlənilib.
İşçi sessiyalarda Mərkəzin İcraiyyə Şurası tərəfindən bir sıra qətnamələrin müzakirələri aparılıb və Əmək Mərkəzinin Baş Assambleyasına təqdim olunması üçün razılaşdırılıb. Şuranın sədri və Əmək Mərkəzinin direktoru tərəfindən yekun qeydlər edilib.