DTX rəisi: Cari ildə bir sıra qlobal kibertəhdid aktorları müəyyən edilib və qarşısı vaxtında alınıb
- 09 oktyabr, 2025
- 10:48

Cari ildə kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müəyyən edilib və onların kibermüdaxilə cəhdlərinin qarşısı vaxtında alınıb.
"Report" xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin "Critical Infrastructure Defence Challenge" ("CIDC 2025") kibertəhlükəsizlik festivalının iştirakçılarına müraciətində yer alıb.
Müraciəti Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov səsləndirib.
Əli Nağıyev müraciətində bildirib ki, müasir dövrdə kritik informasiya infrastrukturlarının təhlükəsizliyi hər bir dövlət üçün əsas prioritetlərdən biri və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir.
"Bu gün enerji, su təchizatı, nəqliyyat, telekommunikasiya, maliyyə və dövlət xidmətləri kimi sahələrin rəqəmsal şəbəkələr, həmçinin bulud texnologiyalarından istifadə imkanlarının artması onları kibertəhdidlərə qarşı daha həssas edir:
"Dövlətlərin ictimai-siyasi sabitliyini və iqtisadi inkişafını hədəf alan kibertəhdidlər getdikcə daha mürəkkəb, daha məqsədyönlü olmaqla transsərhəd imkanlarını sürətlə genişləndirməkdədir. Son illər baş verən kiberinsidentlər nəticəsində beynəlxalq hava limanları, enerji və su təchizatı sistemləri, eləcə də maliyyə sistemlərinin iflic vəziyyətə düşdüyünün şahidi oluruq.
Qlobal kiberməkanda Azərbaycanda milli maraqlarını hədəf alan fəaliyyətlərin qarşısının alınması məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ötən dövr ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin prioritetləri sırasında olub. Belə ki, müxtəlif əməkdaşlıq platformaları çərçivəsində 160-dan çox ölkənin kibertəhlükəsizlik üzrə cavabdeh qurumları, eləcə də qlobal texnologiya şirkətləri və təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri formalaşdırılıb".
O bildirib ki, cari ildə kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə vəzifəli və məsul şəxslər müəyyən olunub, həmçinin həmin şəxslərlə təhlükəsiz əlaqə kanalları yaradılıb. Bununla yanaşı, kritik informasiya infrastrukturlarının təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarından ibarət birgə Komissiya formalaşdırılıb:
"Cari ildə kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları tərəfimizdən müəyyən edilib və onların kibermüdaxilə cəhdlərinin qarşısı vaxtında alınıb. Həmçinin, kritik informasiya infrastruktur obyektinə qarşı kiberhücum həyata keçirməklə qanunla qorunan məlumatların icazəsiz əldə edilməsində, eləcə də zərərverici proqram təminatlarının qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilən bir sıra şəxslər Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər".