DFC icraçı direktoru: ABŞ hökuməti Azərbaycanda investisiya sahələrində maliyyə alətləri təqdim etməyə açıqdır

Maliyyə
  • 09 sentyabr, 2025
  • 14:37
DFC icraçı direktoru: ABŞ hökuməti Azərbaycanda investisiya sahələrində maliyyə alətləri təqdim etməyə açıqdır

Əgər sülh təmin olunursa, dərhal investisiya təşviqinə başlamaq mümkündür. 

"Report" xəbər verir ki, bunu ABŞ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) icraçı direktoru Kenneth Angell ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına dair brifinq zamanı deyib. 

O qeyd edib ki, 8 avqust tarixində mühüm bir mərhələ yaşandı – Ermənistan və Azərbaycan arasında sülh sazişinə aparan ilkin addımların atılmasına dair razılaşma imzalandı:

"Bu hadisə Prezident Tramp tərəfindən xüsusi vurğulandı. Məncə, bu çox önəmlidir. Çünki əgər sülh varsa, sülhdən sonra iqtisadi inkişaf gəlir, iqtisadi inkişaf isə rifaha aparır".

O vurğulayıb ki, ABŞ hökuməti bunun bir nümunəsini göstərmək istəyir və əgər sülh təmin olunursa, dərhal investisiya təşviqinə başlamaq mümkündür: 

"ABŞ hökumətinin maliyyə alətlərindən biri olan DFC məhz bu məqsədə xidmət edir. ABŞ hökumətinin üç əsas maliyyə aləti var. Onlardan biri Ex-Im Bankdır, o Azərbaycanda daha çox iri avadanlıq ixracatının maliyyələşdirilməsi ilə tanınır, məsələn, lokomotivlər və təyyarələr. Digər qurum Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyidir. Bu agentlik daha çox layihələrin texniki-iqtisadi əsaslandırılması ilə məşğul olur, həmçinin rantlar təqdim edir".

Onun fikrincə, üçüncü sahə isə investisiyalardır və burada DFC ön plana çıxır.

"DFC ABŞ üçün prioritet sayılan layihələrə borc və kapital dəstəyi təqdim edir. Bizim fəaliyyət göstərdiyimiz əsas prioritet sektorlar arasında kritik minerallar, kritik infrastruktur, kənd təsərrüfatı və səhiyyə var. Bu konkret missiyada isə diqqət əsasən limanlara, nəqliyyata və logistika sahəsinə yönəlib.

Yəni ABŞ hökuməti Azərbaycanda ixrac, texniki-iqtisadi əsaslandırma və investisiya sahələrində maliyyə alətləri təqdim etməyə açıqdır".