Britaniyanın Baş naziri Azərbaycanla münasibətləri yeni səviyyəyə çıxarmaq niyyətindədir

Xarici siyasət
  • 06 oktyabr, 2026
  • 16:38
Britaniyanın Baş naziri Azərbaycanla münasibətləri yeni səviyyəyə çıxarmaq niyyətindədir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Azərbaycanla münasibətləri yeni səviyyəyə çıxarmaq niyyətindədir.

Bu barədə Böyük Britaniyanın Sahibkarlıq, İnnovasiyalar, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri lord Anas Sarvar "Report"un sualını cavablandırarkən jurnalistlərə bildirib.

"Azərbaycan və Böyük Britaniya çox möhkəm və uzunmüddətli münasibətlər qurub. Böyük Britaniyanın Baş naziri onları yeni səviyyəyə çıxarmağa qəti qərarlıdır və Azərbaycan Prezidenti də Britaniya və Azərbaycan xalqları arasındakı münasibətləri dərinləşdirmək əzmindədir. Strateji tərəfdaşlıq bizə qarşıya qoyulmuş məqsədlərə nail olmağa imkan verəcək", - o bildirib.

İkitərəfli işçi qrupunun yaradılmasından danışarkən A.Sarvar qeyd edib ki, iki ölkə nəticələr əldə etmək və işə başlamaq istəyir:

"Buna görə də biz dərhal işçi qrupunun yaradılması üzərində işə başlayacağıq. Biz ölkələrimizin xalqları arasındakı əlaqələri daha da möhkəmləndirmək və hökumətlər arasındakı münasibətləri gücləndirmək üçün dərhal işə başlayacağıq. Lakin vacib olan odur ki, mən Britaniya və Azərbaycan arasında işgüzar əlaqələrin möhkəmləndirilməsini görmək istəyirəm".

A.Sarvar həmçinin investisiya sahəsindəki əməkdaşlıqda müsbət dinamikanı qeyd edib: "O əlavə edib ki, Britaniya Azərbaycanla qarşılıqlı investisiyaların həcminin artırılmasında maraqlıdır".

Bundan əlavə, nazir bərpa olunan enerji, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğunu vurğulayıb: "Azərbaycan Prezidenti bu ölkədə data-mərkəzlərini inkişaf etdirmək vəzifəsini qarşıya qoyub. Biz hesab edirik ki, təcrübəmiz, biliklərimiz və investisiya imkanlarımız sayəsində dəstək göstərə bilərik - və bütün bunlar çox gözəldir. Lakin mən həmçinin iki ölkə arasında daha sıx akademik əməkdaşlıq görmək istəyirəm. Bundan əlavə, mən əlaqələrimizi möhkəmləndirərək daha çox britaniyalı turistin Azərbaycana gəlməsini istəyirəm".