BMT Azərbaycanın minatəmizləmə sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişi qeyd edib
- 02 sentyabr, 2026
- 11:02
Azərbaycan minatəmizləmə sahəsində mühüm irəliləyişə nail olub, bu isə on minlərlə keçmiş məcburi köçkünün doğma torpaqlarına qayıtmasına şərait yaradıb.
"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident nümayəndəsi Nasar Hayat Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında BMT-nin ölkədəki əlaqələndiricisi adından çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 1991-ci ildən etibarən 3,5 mindən çox insan mina və partlayıcı sursatların qurbanı olub.
"2020-ci ilin noyabrından bu günədək mina hadisələri nəticəsində 58-i mülki şəxs olmaqla 73 nəfər həlak olub, 364 nəfər, o cümlədən 183 mülki şəxs xəsarət alıb", - BMT nümayəndəsi qeyd edib.
O əlavə edib ki, dünyanın ən azı 57 ölkəsi və ərazisi hələ də minalarla və partlayıcı sursatlarla çirklənmiş vəziyyətdədir.
"Bu təhdidlər bütöv icmaların təhlükəsizliyi, sağlamlığı, rifahı və gələcəyi üçün təhlükə yaratmaqda davam edir. Cəmiyyətin ən həssas üzvləri olan qadınlar və uşaqlar çox vaxt qeyri-mütənasib dərəcədə ağır əziyyət çəkirlər", - N.Hayat bildirib.
O, həmçinin Azərbaycanın minatəmizləmə fəaliyyəti sahəsində mühüm irəliləyiş əldə etdiyini vurğulayıb.
"İndiyədək çirklənmiş ərazilərin 25,6 %-i təmizlənərək təhlükəsiz istifadə üçün təhvil verilib. Bu, 38 200-ə yaxın keçmiş məcburi köçkünün qayıtmasına, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi fəallığın, dövlət xidmətlərinin və ictimai həyatın bərpasına şərait yaradıb", - o bildirib.
N.Hayat həmçinin bildirib ki, "Landmine Monitor 2025" hesabatına əsasən, 2024-cü ildə Azərbaycan milli minatəmizləmə proqramlarına 114,6 milyon dollar yönəldib. Bu, dünya üzrə qeydə alınan ən yüksək milli maliyyə göstəricisidir.
Onun sözlərinə görə, 2020-ci ilin noyabrından etibarən Azərbaycan minatəmizləmə fəaliyyətinə ümumilikdə 566 milyon dollar vəsait ayırıb.