Antonio Koşta: Əlavə tariflərin tətbiqi Aİ-ABŞ münasibətlərini zəiflədəcək
- 21 yanvar, 2026
- 14:24
Avropa İttifaqının (Aİ) transatlantik münasibətləri ciddi sınaq qarşısındadır və bu məsələ yanvarın 22-də Avropa liderlərinin fövqəladə görüşündə müzakirə ediləcək.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Avropa aşılması mümkünsüz görünən geosiyasi çağırışlarla üzləşir.
"Bu, Rusiyanın Ukraynaya qarşı apardığı aqressiv müharibədir, beynəlxalq hüquq nizamının sarsıdılması və əsas alyansların davamlılığına dair şübhələrdir. Lakin Avropa İttifaqı bu vəziyyətdən daha güclü, dayanıqlı və suveren şəkildə çıxa bilər", - deyə o qeyd edib.
Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb ki, görüş ərəfəsində Aİ üzv dövlətlərinin mövqeləri beynəlxalq hüquq prinsiplərinə, ərazi bütövlüyünə və milli suverenliyə sadiqlık, Danimarka və Qrenlandiyaya dəstək, həmçinin Arktikada, xüsusən də NATO çərçivəsində sülh və təhlükəsizliyin təmin edilməsində ümumi transatlantik maraqlar da daxil olmaqla, bir sıra əsas məsələlər üzrə üst-üstə düşür.
Eyni zamanda, A.Koşta bildirib ki, əlavə tariflərin tətbiqi transatlantik münasibətləri sarsıdar və Aİ ilə ABŞ arasında razılaşmalara zidd olardı.
Şuranın rəhbəri həmçinin Aİ-nın maraqlarını eləcə də, üzv dövlətlərini, vətəndaşları və şirkətləri təzyiqin hər hansı formasından qorumağa hazır olduğunu bildirib və qeyd edib ki, blokun bunun üçün bütün lazımi səlahiyyətləri və vasitələri var. Eyni zamanda o, ABŞ ilə konstruktiv qarşılıqlı əlaqəni davam etdirmək istəyini vurğulayıb.
"Biz beynəlxalq hüququn pozulmasını heç yerdə qəbul edə bilmərik Ukraynada, Qrenlandiyada, Latın Amerikasında, Afrikada ya da Qəzzada. Biz insan hüquqlarının pozulmasını da qəbul edə bilmərik, istər İranda, Sudanda istər də Əfqanıstanda", - o deyib.
Müdafiə siyasəti məsələlərinə toxunaraq, Aİ Şurasının sədri qeyd edib ki, Ukraynada sülh bərqərar olmadan Avropanın uzunmüddətli təhlükəsizliyini təmin etmək mümkün deyil. "Ukraynanı dəstəkləmək üçün Aİ ona öz büdcəsindən 90 milyard avro kredit ayıracaq. Bu, yalnız Rusiya təzminat ödədikdən sonra geri qaytarılacaq. O vaxta qədər isə ittifaq kreditin ödənilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək hüququnu özündə saxlayır". – o deyib.
A.Koşta həmçinin bildirib ki, fevralın 12-də Avropa liderləri dəyişən geoiqtisadi vəziyyət şəraitində Avropa bazarının potensialından daha səmərəli istifadə yollarını müzakirə etmək üçün yenidən bir araya gələcəklər.