AMB: Sığorta sektorunun likvidliyi komfort zonadadır
- 03 oktyabr, 2025
- 18:16

Azərbaycanda sığorta sektorunun likvidliyi komfort zonadadır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, sektorun likvidlik mövqeyi "International Association of Insurance Supervisors" (IAIS) metodologiyası əsasında "Insurance Liquidity Ratio" (ILR*) hesablaması aparılıb. Belə ki, "ILR" əmsalı sığortaçıların malik olduğu yüksək likvidli aktivlərin 3 aylıq müddət ərzində sığorta öhdəlikləri üzrə gözlənilən xalis nağd ödənişlərin icra edilməsi üçün kifayət edib-etmədiyini qiymətləndirir. Bu ilin I yarısına sığortaçıların likvidlik mövqeyi ILR metodologiyası əsasında hesablanıb. Sektorun yüksək likvidli aktivləri 1 milyard 353 milyon manat, gözlənilən nağd ödənişi 719 milyon manat, gözlənilən nağd daxilolmaları 274 milyon manat, likvidlik əmsalı (ILR) isə 304 % qiymətləndirilib.
O cümlədən, həyat sığortası üzrə yüksək likvidli aktivlər 816 milyon manat, gözlənilən nağd ödəniş 462 milyon manat, gözlənilən nağd daxilolmalar 161 milyon manat, ILR isə 271 %, qeyri-həyat sığortası üzrə yüksək likvidli aktivləri 537 milyon manat, gözlənilən nağd ödəniş 257 milyon manat, gözlənilən nağd daxilolmalar 113 milyon manat, ILR isə 374 % qiymətləndirilib. Beləliklə, yüksək keyfiyyətli likvid aktivlərin adekvat səviyyədə saxlanılmasının təmin olunması sığortaçıların qısamüddətli (3 aylıq) likvidlik şoklarına qarşı dayanıqlığını artırır.