Zelenski: Ukrayna Türkiyənin "istəklilər koalisiyası"na cəlb olunmasına ümid edir
- 19 noyabr, 2025
- 20:39
Türkiyənin "istəklilər koalisiyası"na cəlb edilməsi, xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin olunması kontekstində çox vacibdir.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, Ərdoğanla görüşdə tərəflər gələcək əməkdaşlıq, birgə layihələr və diplomatik koordinasiya məsələlərinə toxunublar.
"Komandalarımız bu gün razılaşdırılmış qərarlar üzərində işləyəcəklər. Nəticələr gözləyirik", – deyə Ukrayna lideri qeyd edib.
O diplomatik proseslərin fəallaşdığını və təhlükəsizlik zəmanətlərinin zəruriliyini vurğulayaraq əlavə edib ki, Ukrayna bütün tərəfdaşlarla koordinasiyanı davam etdirəcək.
Ukrayna Prezidenti Türkiyənin Qara dəniz regionunda sabitliyin təmin olunmasındakı rolunu xüsusi qeyd edərək, təhlükəsizliyin yalnız birgə səylərlə təmin edilə biləcəyini vurğulayıb.