Zelenski Trampla raket əleyhinə sistemlərin istehsalı üçün lisenziyaların alınmasını müzakirə edib
- 16 iyun, 2026
- 18:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşü zamanı antiballistik sistemlərin istehsalı üçün lisenziyaların alınması məsələsini müzakirə edib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bu barədə Evian (Fransa) şəhərində keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində Trampla görüşündən sonra jurnalistlərə bildirib.
"Mən bu məsələni qaldırdım, bu barədə Prezident Trampla danışdıq, komandalarımız işləyəcək. Ümid edirəm ki, bu dəfə müvafiq antiballistik sistemlərin və raketlərin istehsalı üçün lisenziyaları ala biləcəyik", – o bildirib.
Zelenski həmçinin bildirib ki, sammitin digər iştirakçıları ilə görüşləri zamanı Ukraynanın əlavə Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə ehtiyacı barədə danışıb:
"HHM məsələsində hər kəs kömək edəcək, G7-nin bütün iştirakçıları bizim müdafiəmizi gücləndirmək üzərində də işləyəcəklər. Biz həm sistemlər, həm də raketlər barədə danışdıq".