"Zayed İnsan Qardaşlığı Mükafatı" yeni müraciətlərin qəbuluna başlayıb

Digər ölkələr
  • 13 aprel, 2026
  • 15:57
Zayed İnsan Qardaşlığı Mükafatı yeni müraciətlərin qəbuluna başlayıb

"Zayed İnsan Qardaşlığı Mükafatı" 2027-ci ildə keçiriləcək səkkizinci mükafatlandırma mərasiminə namizədlərin irəli sürülməsi üçün müraciətlərin qəbulunun başlandığını elan edib.

"Report" mükafatın rəsmi saytına istinadən xəbər verir ki, bu, mükafatın artan beynəlxalq statusunu və onun insan qardaşlığı dəyərlərinin təşviqi, habelə qarşılıqlı anlaşmaya və dinc yanaşı yaşayışa töhfə verən insanların və təşkilatların tanınmasına təsirini təsdiqləyir.

İllik humanitar mükafat 2019-cu ildə Əbu-Dabidə Roma Papası Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd Əl-Tayyeb tərəfindən imzalanmış İnsan Qardaşlığı Sənədinin prinsiplərinə uyğun olaraq insan qardaşlığının inkişafına, həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə mühüm töhfə vermiş şəxslərə və təşkilatlara verilir.

Mükafat BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın şərəfinə adlandırılıb və onun dinindən, cinsindən, irqindən və ya milliyyətindən asılı olmayaraq insanlara hörmətə əsaslanan humanist irsini əks etdirir.

"Səkkizinci mükafatlandırma mərasiminə müraciətlərin qəbulunun başlanması mükafatın bəşəriyyətə xidmət edən və bütün dünyada insan qardaşlığı dəyərlərini təşviq edən mühüm humanitar təşəbbüslərin aşkar edilməsi və tanınması missiyasının davamını əks etdirir", - mükafatın baş katibi hakim Məhəmməd Əbdülsalam bildirib.

O əlavə edib ki, bu mükafat tarixi İnsan Qardaşlığı Sənədinin prinsiplərini bütün dünyada icmalarda davamlı effekt yaradan praktiki proqramlarda təcəssüm etdirən və əhəmiyyətli təsir göstərən təşəbbüsləri dəstəkləməyə davam edir:

"Biz bu il bütün dünyada insan qardaşlığı dəyərlərinin təşviqinə əhəmiyyətli töhfə verən şəxslərdən və təşkilatlardan yeni nominasiyaları səbirsizliklə gözləyirik".

Mükafat 2019-cu ildə Əbu-Dabidə İnsan Qardaşlığı Sənədinin imzalandığı tarixi görüşdən sonra təsis edilib və pul mükafatı fondu 1 milyon ABŞ dolları məbləğindədir.

2026-cı il fevralın 4-də Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və 40-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə mükafatın yeddinci buraxılışının laureatlarının mükafatlandırma mərasimi keçirilib.

2026-cı ildə mükafat Azərbaycan və Ermənistan arasında sülh sazişinə, Fələstinin "Taaun"a humanitar təşkilatı və əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalıya verilib. BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan mükafatı Azərbaycan Prezidenti İlham Əliyevə və digər laureatlara təqdim edib.

2019-cu ildən bəri mükafat səhiyyə, təhsil, davamlı inkişaf, qaçqınlara dəstək və icmaların inkişafı daxil olmaqla müxtəlif humanitar sahələrə verdikləri töhfəyə görə 20 ölkədən 20 laureata təqdim olunub.

Müraciətlər mükafatın rəsmi saytı https://zayedaward.org vasitəsilə 1 oktyabr 2026-cı il tarixinədək qəbul olunur.