Yuri Uşakov: “Putinin Türkiyəyə səfəri planda var”

Digər ölkələr
  • 25 iyul, 2023
  • 19:52
Yuri Uşakov: “Putinin Türkiyəyə səfəri planda var”

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri həm Rusiya, həm də Türkiyə tərəfinin planlarında var, amma Moskva və Ankara vaxtla bağlı hələ razılaşmayıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslara gəlincə, təsdiq edə bilərəm ki, həm Türkiyə, həm də Rusiya tərəfinin prezidentimizin Türkiyəyə səfəri ilə bağlı planları var, lakin hələlik konkret tarixlər, konkret günlər barədə razılığa gəlməmişik”, - o deyib.

“Avqust ayı qeyd olunub, başqa variantlar da qeyd olunub, lakin biz hələ bu işə başlamamışıq. Amma prezidentimizin Ərdoğana Türkiyəyə gələcəyinə dair söz verib. Bu söz Türkiyə prezidentinin son seçkilərdəki qələbəsindən dərhal sonra verilib”, - Y.Uşakov əlavə edib.

Jurnalistlər iki liderin təmaslarında taxıl sazişi məsələsinin gündəmdə olub-olmadığını soruşublar. Uşakov bununla bağlı belə deyib: “Səfər zamanı və ya qarşıdakı telefon danışıqları zamanı – hansı ki, onlar tez-tez telefonla əlaqə saxlayırlar - taxıl sazişi ilə bağlı məsələlərin gündəmə gəlməsi, hesab edirəm ki, tamamilə təbiidir”.