Yunanıstanda dəmir yolu işçiləri tətilə başlayıblar

Digər ölkələr
  • 18 noyabr, 2025
  • 05:17
Yunanıstanda dəmir yolu işçiləri tətilə başlayıblar

Yunanıstanda dəmir yolu işçiləri sahənin xroniki problemlərinin həllini tələb edərək ölkə miqyasında bir günlük tətilə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın "ERT-news" telekanalı məlumat yayıb.

Aksiyanı "Hellenic Train" şirkətinin işçilər və maşinistlər həmkarlar ittifaqları təşkil edir. Tətil səbəbindən bir çox qatar marşrutları ləğv olunub, bəzi sərnişinlərin son dayanacaqlara avtobuslarla daşınması planlaşdırılır. Həmkarlar ittifaqları bəyan ediblər ki, tətil müddətində təhlükəsizlik xidməti üçün zəruri sayda əməkdaş ayrılacaq və marşrutlara çıxacaq az sayda qatar üçün minimal təminatlı xidmət göstəriləcək.

İşçilər bildiriblər ki, tətil qərarı dəmir yolu şirkətinin bu nəqliyyat növünün ciddi və xroniki problemlərinin həllinə biganə yanaşması ilə bağlı zəruri addımdır. Həmkarlar ittifaqlarının qaldırdığı əsas məsələlər marşrutlarda gecikmələr, hərəkətli tərkibdə problemlər, kadr çatışmazlığı ilə bağlıdır. Onlar maşinist otaqlarında təhlükəli iş şəraitinə, infrastrukturun yetərsiz texniki xidmətinə və mühüm mütəxəssislərin azlığına diqqət çəkirlər. Həmkarlar ittifaqları həmçinin bildirirlər ki, kadr çatışmazlığı işin intensivləşməsinə, ağır iş qrafikinə səbəb olur və bu, işçilərlə sərnişinlərin təhlükəsizliyini təhdid edir.

Dəmir yolu işçiləri "Hellenic Train" rəhbərliyi tərəfindən həyata keçirilmiş ixtisarlara qarşı çıxır, onların dərhal ləğvini və yeni işçilərin işə götürülməsini tələb edirlər. Bundan əlavə, həmkarlar ittifaqları işçilərin sağlamlığı və təhlükəsizliyinin qorunması üçün tədbirlərin qəbul edilməsinə çalışırlar.

Son xəbərlər

Bütün Xəbər Lenti