Yenin möhkəmlənməsi fonunda Tokio fond bazarı yüksəlib
- 31 iyul, 2026
- 06:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Tokio Fond Birjasında ticarət sessiyası Yaponiya hakimiyyətinin ehtimal olunan valyuta müdaxiləsi fonunda kotirovkaların əhəmiyyətli artımı ilə başlayıb.
"Report"un məlumatına görə, sessiyanın açılışından sonrakı ilk 15 dəqiqə ərzində Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin dinamikasını əks etdirən Nikkei indeksi 3,57% artaraq 64 074,77 bəndə çatıb.
Yerli analitiklərin qiymətləndirmələrinə görə, iyulun 30-u axşam saatlarında Yaponiya hakimiyyəti valyuta müdaxiləsi həyata keçirmiş ola bilər. Bunun nəticəsində yenin məzənnəsi bir dollar üçün 162 yendən 158 yenə qədər möhkəmlənib. Lakin iyulun 31-i səhər Yaponiya valyutası yenidən zəifləyərək təxminən 160 yen/dollar səviyyəsinə düşüb.
Yaponiyanın maliyyə naziri Satsuki Katayama müdaxilənin həyata keçirilməsi ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib. Daha əvvəl o, hakimiyyətin valyuta bazarında spekulyativ əməliyyatlara qarşı qəti tədbirlər görməyə hazır olduğunu bildirib.