Yeni Zelandiya və Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 12 sentyabr, 2025
- 08:32

Yeni Zelandiya və Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib, o cümlədən bu ölkənin neftinin qiymət tavanını aşağı salıb.
"Report"un xəbərinə görə, Okeaniya ölkəsi Rusiyadan olan 11 fiziki və 8 hüquqi şəxsə sanksiya tətbiq edib.
Siyahıya "kimyəvi silahların tədarükü, dezinformasiyanın yayılması və sanksiyalardan yayınmağa imkan verən alternativ ödəniş sistemləri ilə məşğul olan Rusiya subyektləri" daxil edilib.
Yaponiya tərəfinin analoji tədbirləri Rusiyadan 14 fiziki şəxs, 48 şirkət və təşkilat, habelə Seyşel və Marşal adalarından üç şirkəti əhatə edib.
Bundan əlavə, hər iki ölkə Rusiya mənşəli xam neftin maksimal qiymətinin endirilməsini təsdiqləyib, bir barel üçün 60 dollardan 47,6 ABŞ dollarına endirilib.
Xatırladaq ki, Yaponiya hakimiyyəti bundan əvvəl Rusiyada fəaliyyət göstərən "Yaponiya Mərkəzi" qeyri-kommersiya təşkilatının altı filialının hamısını bağlayıb. Yaponiya hökumətinin baş katibi Yosimasa Hayasinin sözlərinə görə, səbəblər Rusiya-Yaponiya münasibətlərinin hazırkı vəziyyəti və Rusiya Federasiyası daxilindəki vəziyyət olub.