Yeni Delhi hava limanında problem yaranıb, 100-dən çox aviareys gecikir
- 07 noyabr, 2025
- 08:50
Yeni Delhinin İndira Qandi Beynəlxalq Hava Limanında hava hərəkətinə nəzarət (ATC) sistemində nasazlıq yaranıb və nəticədə son saatlarda 100-ə yaxın aviareys təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə "PTI" agentliyi məlumat yayıb.
Mənbələrdən biri uçuş planlarını yaradan avtomatik izləmə sisteminə məlumat verən avtomatik mesajlaşma sistemində problemlərin olduğunu bildirib. "Flightradar24" uçuş izləmə saytına görə, Dehli hava limanında uçuşlar təxminən 50 dəqiqə gecikir.
Hindistanın ən böyük hava yolu şirkəti "Air India", "X" hesabında sərnişinlərə səyahət tövsiyəsi verib: "Delhi ATC sistemi ilə bağlı texniki problem bütün aviaşirkətlərə təsir edib, bu da gecikmələrə və hava limanında və təyyarədə gözləmə müddətinin artmasına səbəb olur".
Problem aradan qaldırılarkən, hava nəqliyyatı dispetçerləri mövcud məlumatlardan istifadə edərək əl ilə uçuş planları yaradırlar.