Yaponiya ilə ABŞ yeni iqtidar dönəmində də ticarət sazişinə sadiq qalacaq

Digər ölkələr
  • 10 oktyabr, 2025
  • 05:47
Yaponiya ilə ABŞ yeni iqtidar dönəmində də ticarət sazişinə sadiq qalacaq

Vaşinqton və Tokio Yaponiyada yeni lider hakimiyyətə gəldikdən sonra ticarət razılaşmasının həyata keçirilməsi istiqamətində səyləri davam etdirəcəklərini təsdiqləyib.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutniklə yaponiyalı həmkarı Ryosey Akadzava arasında baş tutan telefon danışığı zamanı bildirilib.

Tərəflər arasında telefon danışığı təxminən bir saat davam edib və onlar iyul ayında əldə olunmuş ticarət razılaşmasının icrasını iqtidar dəyişikliyi dönəmində də davam etdirəcəklərinə söz veriblər.

"İki tərəf Yaponiya-ABŞ razılaşmasının səmimi və operativ şəkildə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb və Yaponiya-ABŞ ittifaqının daha da gücləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər", – Yaponiya Nazirlər Kabinetinin Katibliyinin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, oktyabrın 4-də Sanae Takaiçi Yaponiyanın hakim Liberal Demokrat Partiyasının yeni sədri seçilib. Onun ölkənin ilk qadın baş naziri olması gözlənilir.

Qeyd edək ki, Yaponiya ABŞ ilə sazişi çərçivəsində Amerika iqtisadiyyatına investisiya qoyacaq. ABŞ isə qarşı tərəfə idxal rüsumlarında endirim tətbiq edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti