Xorvatiya ordusuna 544 milyon avro dəyərində yeni silah sistemləri alınacaq
- 04 sentyabr, 2026
- 17:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Xorvatiya hökuməti ordunun modernləşdirilməsi çərçivəsində Cənubi Koreya istehsalı olan 18 ədəd K239 "Chunmoo" çoxlüləli raket buraxılış sistemi alacaq.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Xorvatiya hökumətinin bugünkü iclasında bildirilib.
Qeyd olunub ki, sistemlərin alınmasının ümumi dəyəri ƏDV daxil olmaqla 544,1 milyon avro təşkil edir və layihənin 2026–2029-cu illərdə həyata keçirilməsi nəzərdə tutulur.
"Chunmoo" sistemləri köhnəlmiş SVLR "Vulkan" və SVLR "GRAD" BM-21 sistemlərini əvəz edəcək. Sistem müxtəlif çaplı iki fərqli raket növündən eyni buraxılış qurğusunda istifadə etməyə imkan verir.
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib ki, bu, "Rafale" qırıcılarının alınmasından sonra ordunun modernləşdirilməsi istiqamətində ən böyük və ən mühüm investisiyalardan biridir. Onun sözlərinə görə, "Chunmoo" və HIMARS sistemləri bir-birini tamamlayacaq.
Hökumət həmçinin Xorvatiyanın "Rafale" qırıcılarının əlavə aşkarlama və özünümüdafiə imkanları ilə təchiz edilməsinə təqribən 112 milyon avro ayırıb. Bununla qırıcıların imkanlarının F3R standartından F4 standartına yüksəldilməsi planlaşdırılır. Proses 2026–2032-ci illərdə həyata keçiriləcək.
Bundan başqa, Xorvatiya Hərbi Hava Qüvvələrinin döyüş rabitə sisteminin modernləşdirilməsinə 41,1 milyon avro, SPIKE LR2 və SPIKE SR tank əleyhinə raket sistemlərinin alınmasına isə təqribən 14 milyon avro ayrılıb. Həmçinin Zemunik aviabazasında təyyarələr üçün yeni çoxfunksiyalı anqarın tikintisinə 12,1 milyon avro xərclənəcək.
Baş nazir Plenkoviç bu qərarların sırf müdafiə xarakterli olduğunu vurğulayıb.