WSJ: Tramp Omanı "günah keçisi"nə çevirir

Digər ölkələr
  • 18 avqust, 2026
  • 07:29
WSJ: Tramp Omanı günah keçisinə çevirir

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunmasında yaranan çətinliklərə görə günahkar axtararkən Omana zərbələr endirməklə hədələyib.

"Report"un "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, ABŞ administrasiyasının bəzi yüksək vəzifəli rəsmiləri Oman və İran arasında yaxınlaşmanı münaqişənin nizamlanması baxımından faydalı hesab edirlər. Onların fikrincə, Tramp nüvə razılaşmasının əldə olunmamasına görə digər ölkələri günahlandıraraq Omanı "günah keçisi"nə çevirir.

Bununla yanaşı, digər amerikalı rəsmilər Maskatı ikili siyasət yürütməkdə ittiham edir və Oman hakimiyyətinin addımlarının Vaşinqton üçün əlverişli sülh razılaşmasının əldə olunması səylərinə mane olduğunu düşünürlər.

Nəşrin məlumatına görə, ABŞ-da İran və Oman arasında mümkün razılaşmanın Tehranın Hörmüz boğazı üzərində nəzarətini gücləndirə biləcəyindən narahatdırlar. Bununla belə, Ağ Ev regionda gəmiçiliyin tam şəkildə bərpa olunmasına ümid edir. Hörmüz boğazı qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan marşrutlardan biridir və onun fəaliyyətindəki məhdudiyyətlər neft bazarlarına da təsir göstərir.

Oman uzun müddətdir ABŞ və İran arasında vasitəçilik edən ölkələrdən biri kimi çıxış edir. Hazırkı gərginlik fonunda isə Maskatın Tehranla diplomatik təmaslarını davam etdirməsi Vaşinqtonda fərqli qiymətləndirilir. Trampın avqustun 17-də verdiyi açıqlamalar isə ABŞ-ın Omana münasibətində gərginliyin daha da artdığını göstərib.