WP: Aİ ABŞ Silahlı Qüvvələrinin çıxarılması ilə bağlı "aydın təqvim" almaq istəyir

Digər ölkələr
  • 08 noyabr, 2025
  • 02:24
WP: Aİ ABŞ Silahlı Qüvvələrinin çıxarılması ilə bağlı aydın təqvim almaq istəyir

Avropa ABŞ-dən qitədəki hərbi mövcudluğunun gözlənilən azaldılması ilə bağlı "aydın təqvim" almağı ümid edir.

"Report"un məlumatına görə, bu barədə Avropanın müdafiə üzrə komissarı Andryus Kubilyus "The Washington Post" qəzetinə müsahibəsində bildirib.

"Əsas məsələ odur ki, Amerika qoşunlarının Avropadan növbəti mərhələdə nə vaxt çıxarılacağı, bu prosesin hansı sürətlə gedəcəyi və sair barədə nə zaman məlumat gözləmək olar", - deyə o bildirib. Onun fikrincə, bu məlumat ABŞ administrasiyası tərəfindən məxfi saxlanıla bilər. Bu səbəbdən Kubilyus vurğulayıb ki, belə məlumatların ictimaiyyətə açıqlanmasına ehtiyac yoxdur, Aİ sadəcə bu məlumatları qapalı şəkildə əldə etmək istəyir ki, öz addımlarını planlaşdıra bilsin. "Aİ-nin "öz planlarını" hazırlaması, gələcək hərbi quruculuğa "nə qədər vəsait yatıracağı", "hansı texnologiyaları inkişaf etdirəcəyi" məsələlərini həll etməsi lazım olacaq", - deyə Kubilyus bildirib.

"Burada söhbət ondan getmir ki, biz sizdən heç vaxt getməmənizi tələb edirik", – deyə komissar əlavə edib. Onun sözlərinə görə, Brüssel sadəcə ABŞ ilə qoşunların Avropadan çıxarılması planları fonunda "aydın və praktik razılaşma" əldə etmək istəyir. Komissar qeyd edib ki, Avropanın müdafiəsini amerikalıların təmin etdiyi, qitənin isə "sülh dividendləri"ni topladığı dövr artıq geridə qalıb. "Bu dövr başa çatıb. Odur ki, biz hazırlıqlara başlamalıyıq", – deyə Kubilyus əminliklə bildirib.

Məqalədə komissarın açıqlamalarının ABŞ-nin Aİ-ni planları barədə əvvəlcədən məlumatlandırmaqdan faktiki olaraq imtina etdiyini göstərib-göstərmədiyi dəqiqləşdirilməyib. Lakin bir neçə gün öncə Pentaqon etiraf edib ki, məsələn, Rumıniya ABŞ-nin öz ərazisindən bir briqadanı çıxarmaq niyyəti ilə bağlı yalnız bu barədə ictimai açıqlamadan bir neçə gün əvvəl məlumatlandırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti