Vuçiç Serbiyada investisiya layihəsinin pozulması ilə bağlı iddia qaldıra bilər
- 16 dekabr, 2025
- 17:23
Serbiya Prezidenti Aleksandr Vuçiç Cared Kuşnerin Belqraddakı investisiya layihəsinin pozulmasında əli olan şəxslərə qarşı iddia qaldırmaq niyyətindədir.
"Report"un məlumatına görə, Serbiya dövlət başçısı ölkə paytaxtında bombardmanlar zamanı dağıdılmış Baş Qərargah binasının ərazisindəki layihə ilə bağlı vəziyyəti şərh edərkən bu açıqlamanı verib.
A.Vuçiçin sözlərinə görə, investisiyaların sarsıdılmasına şərait yaradan və Serbiyaya iqtisadi ziyan vurulmasına kömək edən polis, prokurorluq əməkdaşları və digər şəxslərə qarşı ittihamlar irəli sürüləcək. Serbiya Prezidenti vurğulayıb ki, baş verənləri investisiya layihəsini məhv etməyə yönəlmiş məqsədyönlü kampaniya hesab edir.
O bildirib ki, Kuşnerin şirkətinin hotel tikintisi ilə bağlı razılaşmadan çıxması ölkəni ən azı 750 milyon avro həcmində investisiyadan məhrum edib: "Ümumi iqtisadi ziyan ən azı 1,5 milyard avro təşkil edir".
Daha əvvəl bildirilmişdi ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokurorluğu ölkənin mədəniyyət naziri Nikola Selakoviçə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və sənədlərin saxtalaşdırılması ittihamı irəli sürüb. Səbəb Belqradın mərkəzindəki Baş Qərargah binalar kompleksinin mədəni irs statusundan məhrum edilməsi olub. Öz növbəsində Cared Kuşnerin şirkəti baş verən qalmaqal fonunda hotelin tikintisində iştirakdan imtina edib.