Vuçiç ölüm təhdidinə cavab verib: Özümü təhlükə altında hiss etmirəm

Digər ölkələr
  • 27 iyul, 2026
  • 16:50
Vuçiç ölüm təhdidinə cavab verib: Özümü təhlükə altında hiss etmirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç ona ünvanlanan ölüm təhdidinə cavab olaraq, özünü təhlükə altında hiss etmədiyini bəyan edib.

"Report"un Balkan bürosu xəbər verir ki, dünən bir şəxs əlində bıçaqla video paylaşaraq Serbiya Prezidentini ölümlə hədələyib.

A.Vuçiç isə bu gün həmin təhdidə münasibət bildirərək hər şeyə rəğmən, özünü təhlükə altında hiss etmədiyini söyləyib.

"Özümü təhlükə altında hiss etmirəm və bağışlamağa hazıram. Serbiyanın parçalanmasını yox, əksinə, hamının eyni masa arxasında və vətən sevgisi ətrafında birləşməsini arzulayıram", - deyə o bəyan edib.

Dövlət başçısı qarşıdan gələn prezident seçkilərində qalib gələcəklərini və Serbiyanı birləşdirəcəklərini də vurğulayıb.

Xatırladaq ki, A.Vuçiç ötən gün Serbiyada prezident seçkilərinin mümkün tarixini açıqlayıb. Ölkədə prezident seçkilərinin ən geci 2027-ci il fevralın əvvəlində keçiriləcəyi bəyan edilib.