Vilayət rəhbəri Xarkovdakı son durumu açıqlayıb

Digər ölkələr
  • 19 iyul, 2023
  • 13:34
Vilayət rəhbəri Xarkovdakı son durumu açıqlayıb
Oleq Snequbov

Ukraynanın Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Snequbov vilayətdəki son durumu açıqlayıb.

O, "Report"un Şərqi Avropa bürosuna bildirib ki, “S-300” zenit-raket kompleksləri vasitəsilə zərbələr endirilir:

"Hətta ötən illə müqayisədə dəfələrlə azdır. Lakin təəssüf ki, tez-tez “S-300” zenit-raket kompleksləri vasitəsilə zərbələr endirilir. Rusiya ilə sərhəddə yerləşən yaşayış ərazilərinə gəlincə, bu ərazilərin atəşə tutulması halları artıb. Məsələn, 15-30 yaşayış əraziləri hər gün atəşə tutulur. Həmin yaşayış əraziləri artıq fiziki olaraq mövcud deyil, çünki orada hər şey məhv edilib. Dağıdılmış tikililərə gəlincə, bizim vilayətdə 30 mindən çox tikili məhv edilib".

O.Snequbov bildirib ki, vilayətdə 500 mindən çox insan məcburi köçkünə çevrilib:

"Onlar daha təhlükəsiz ərazilər tapmağa çalışırlar. Məcburi köçkünlərin bir hissəsi Kupyanskdandır. Cəbhə xətti həmin ərazidən keçdiyindən hazırda Kupyanskda vəziyyət ağırdır. Düşmən artıq hücum əməliyyatlarına başlayıb. Onlar bu əməliyyatlar zamanı nizami bölmələrdən istifadə edirlər. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri bu hücumların qarşısını alır və həmin bölmələri sistemli şəkildə məhv edir. Düşmən indiyədək bu istiqamətdə bizim heç bir mövqeyimizi ələ keçirə bilməyib. Bəli, “boz zona”lar artıb, çünki hərbi əməliyyatların miqyası genişlənib".