Vayra Vike-Freyberqa BMT TŞ-nin strukturunu tənqid edib

Digər ölkələr
  • 12 mart, 2026
  • 11:14
Vayra Vike-Freyberqa BMT TŞ-nin strukturunu tənqid edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa hesab edir ki, BMT Təhlükəsizlik Şurasının indiki strukturu təşkilatın əsas prinsiplərinə ziddir.

"Report" xəbər verir ki, o, bunu bu gün Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra BMT yaradılarkən beynəlxalq nizamın aydın qaydalara və dövlətlərin bərabərliyinə əsaslanacağı nəzərdə tutulurdu.

"Baza prinsipi mövcuddur: BMT-yə daxil olan hər bir ölkənin öz bayrağı var. Bu o deməkdir ki, hər bir dövlət ayrılmaz suveren hüquqlara malikdir və beynəlxalq hüquqa riayət olunması məsələsində onların heç biri digərindən üstün olmamalıdır", - o deyib.

Vike-Freyberqanın fikrincə, Təhlükəsizlik Şurasının strukturu bu prinsipə ziddir.

"Veto hüququna malik beş daimi üzvün olması faktiki olaraq onlara daha çox səlahiyyət verir. Bu sistem İkinci Dünya müharibəsinin qalib dövlətləri üçün yaradılmışdı, lakin bu gün o, dünyada nə əhali bölgüsünü, nə də iqtisadi gücü əks etdirir", - o vurğulayıb.

Sabiq prezident, həmçinin qeyd edib ki, müasir dünya beynəlxalq hüquq və ədalətlə bağlı ciddi çağırışlarla üzləşir. O, Rusiya ilə Ukrayna arasındakı müharibəni nümunə gətirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət təcavüz və münaqişələrin güclənməsinə yol verməmək üçün ədalət və qaydalar prinsiplərinin möhkəmləndirilməsi yollarını axtarmağa davam etməlidir.

"Dünya çoxlu sayda aqressiv və dağıdıcı ideyalarla dolu təhlükəli bir yerdir. Lakin ədalət, hüquq və qaydaları dərk etmək barbarlıq və sivilizasiya arasında sərhəd çəkə bilər", - Vike-Freyberqa əlavə edib.