Ukraynanın Çerkassı vilayətində evdə baş verən yanğında dörd uşaq həlak olub
- 23 noyabr, 2025
- 09:46
Ukraynanın Çerkassı vilayətinin Uman rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində dörd uşaq həlak olub, daha bir uşaq yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, növbətçi xilasedici heyət 56 kvadratmetr sahədə alovu operativ şəkildə lokallaşdırıb.
"Təcili müdaxiləyə baxmayaraq, yanğınsöndürənlər üç uşağın qalıqlarını və dördüncü uşağa aid olduğu ehtimal edilən bir cəsəd parçasını aşkar ediblər", - açıqlamada bildirilib.
İlkin məlumata görə, ölən uşaqlar 2018, 2020, 2022 və 2025-ci illərdə anadan olublar. 2017-ci il təvəllüdlü yaralı uşaq əllərində birinci dərəcəli yanıqlar və tüstüdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb.
"Xilasedicilər hazırda yanğının səbəbini araşdırırlar. Hadisə yerli fövqəladə hal kimi təsnif edilir", - deyə mətbuat xidməti bildirib.