Ukrayna Rusiyanın hərbi neft kəməri infrastrukturunun bir hissəsini sıradan çıxarıb
- 01 noyabr, 2025
- 13:02
Ukrayna Baş Kəşfiyyat İdarəsi Moskva vilayətində əməliyyat keçirdiyini və bunun nəticəsində "Koltsevoy" neft məhsulları kəmərinin infrastrukturunun qismən sıradan çıxarıldığını bildirib.
"Report" xəbər verir ki, bu barədə idarə öz sosial şəbəkə səhifəsində məlumat yayıb.
Hərbiçilərin məlumatına görə, bu neft məhsulları kəməri Rusiya ordusunu resurslarla, xüsusilə benzin, dizel və aviasiya yanacağı ilə təmin edirdi. Baş Kəşfiyyat İdarəsindən qeyd edilib ki, bu təxribat iqtisadiyyata ciddi zərbə vura bilər.
Ukrayna KİV-lərinin məlumatına görə, "Koltsevoy" magistral neft məhsulları kəmərinin uzunluğu 400 kilometrdir.
"Koltsevoy" illik olaraq 3 milyon tona qədər aviasiya yanacağı, 2,8 milyon tona qədər dizel yanacağı və 1,6 milyon tona qədər benzin nəql edə bilir.