Ukraynada Ermənistanın azərbaycanlı əhalisinin tarixi haqqında kitab çap olunub

Digər ölkələr
  • 19 sentyabr, 2026
  • 20:07
Ukraynada Ermənistanın azərbaycanlı əhalisinin tarixi haqqında kitab çap olunub

Ukraynada "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr edilib.

"Report" xəbər verir ki, Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü görən ilk ölkə olub.

Daha əvvəl kitabın materialları xüsusi "perishedcivilization.com" platformasında təqdim edilmişdi. Nəşriyyat qrupunun planlarına kitabın daha sonra Polşa, Almaniya, Baltikyanı ölkələr, Moldova, Qazaxıstan və Özbəkistanda buraxılması daxildir.

Tədqiqat Azərbaycan xalqının əcdadlarının, eləcə də müasir Ermənistan ərazisində - ilk növbədə, tarixi İrəvan quberniyası və Zəngəzurda bilavasitə azərbaycanlıların tarixindən bəhs edir. Kitabda əsrlər boyu əhalisini müasir azərbaycanlıların əcdadları təşkil edən bölgənin şəhər və kəndlərinin tarixi, onların yerli mədəni simanın formalaşmasındakı rolu, eləcə də sonrakı demoqrafik dəyişikliklər, zorakılıq, sürgünlər və deportasiyalar izlənilir. Bu ərazilərin türk keçmişinin günümüzədək gəlib çatmış sübutlarına - məscidlərə, qəbiristanlıqlara, qalalara, abidələrə və digər mədəni irs obyektlərinə xüsusi diqqət yetirilib.

Çoxsaylı erməni, Rusiya, Fransa və digər mənbələrdə əks olunan bölgə tarixi sübut edir ki, əsrlər boyu müasir azərbaycanlıların əcdadları onun bir çox rayonlarında yerli çoxluğu təşkil ediblər. Onlar yaşayış məntəqələrinin əsasını qoyur və inkişaf etdirir, məscidlər və qalalar tikir, torpaqları becərir və bu ərazilərin mədəni simasını formalaşdırırdılar.

Müəllif yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulması ilə nəticələnən bir neçə zorakı sıxışdırma və mütəşəkkil deportasiya dalğasını nəzərdən keçirir. Eyni zamanda, onların mövcudluğunun maddi izləri - məscidlər, qəbiristanlıqlar, qalalar, abidələr və digər mədəni irs obyektləri məhv edilir və ya adları dəyişdirilirdi. Kuzari bu icmanın yoxa çıxmasını mücərrəd tarixi proses kimi deyil, bəşəri və sivilizasiya fəlakəti kimi nəzərdən keçirir. Kitabda əsrlər boyu bu ərazilərdə yaşamış, daha sonra ardıcıl zorakılıq, sürgün və deportasiya dalğaları nəticəsində bölgədən, demək olar, tamamilə sıxışdırılıb çıxarılmış bir xalqın tarixi izlənilir.

Müəllif tədqiqatın əsas xüsusiyyətlərindən biri kimi onun sübut bazasını adlandırır. Əsərdə 1765 mənbə sistemləşdirilib. Onların arasında arxiv sənədləri, erməni müəlliflərin tarixi əsərləri, inqilabdan əvvəlki və sovet dövrünə aid Rusiyanın rəsmi sənədləri, Fransa diplomatik materialları və digər mənbələr var. Müəllif həmçinin vurğulayır ki, əsas sübut bazası kimi bilərəkdən Azərbaycan və Türkiyə tarixşünaslığına əsaslanmayıb.

Çap nəşri geniş multimedia bazası ilə tamamlanıb:

· Sahə foto və videomaterialları - onlarla yaşayış məntəqəsində məscidlərin, qalaların və qədim qəbiristanlıqların xarabalıqları da daxil olmaqla, müasir Ermənistan ərazisində türk mövcudluğunun günümüzədək gəlib çatmış izlərinin sənədləşdirilməsi;

· Şahid ifadələri - deportasiyaları yaşamış və doğma kəndləri, adət-ənənələri, həyat tərzi haqqında xatirələri qoruyub saxlamış insanlarla silsilə video müsahibələr;

· Hadisələrin xronologiyası - müəllifin Azərbaycan əhalisinin demoqrafik olaraq sıxışdırılıb çıxarılması ilə əlaqələndirdiyi proseslərin zəminini və ardıcıllığını izləməyə imkan verən regionun XIV əsrdən XX əsrə qədər olan tarixinin bərpası.

Tədqiqatın elektron versiyası, arxiv sənədləri və digər materiallar layihənin saytında əlçatandır.